Serbski adına Dövlət Sosial və Məhkəmə Psixiatriyası Elmi Mərkəzinin direktoru Tatyana İvanova bildirib ki, banan, qoz-fındıq və şokolad depressiya ilə mübarizədə effektivdir. Məsələ burasındadır ki, bu məhsullar sinir impulslarının ötürülməsini yaxşılaşdıran maddələrlə zəngindir. İvanovanın sözlərinə görə, əgər insan qəflətən böyük miqdarda bu təamlardan istifadə etməyə başlayıbsa, bunun depressiya ilə əlaqəli olub-olmaması barədə düşünmək lazımdır. Çünki orqanizm özünü tənzimləyən bir sistemdir və çox vaxt özü-özünü sağaltmağa çalışır.
Serbski İnstitutunun professoru, elmlər doktoru Boris Polojiy bu fikirlə qismən razılaşır. O qeyd edib ki, banan, qoz-fındıq və şokolada olan meyil hər zaman depressiya əlaməti deyil – bəzən insan sadəcə onları dadmaq istəyir. Bununla belə, xüsusilə uşaqları həddindən artıq şirniyyat qəbul etməyə başlayan valideynlər depressiv vəziyyət ehtimalını unutmamalıdırlar. "Mütləq şokolad olması şərt deyil, bu, istənilən şirniyyat ola bilər", – deyə Polojiy dəqiqləşdirir.
Valideynlər üçün xəbərdarlıq nişanələri
Adətən valideynlər şirniyyatın uşağın iştahasını pozduğunu düşünürlər, lakin bu həmişə belə deyil. Əgər uşaqlar və ya yeniyetmələr yalnız şirniyyatla qidalanmağa başlayıblarsa və digər qidalardan tez-tez imtina edirlərsə, bu, mümkün depressiyanın ilk "zəngidir". Boris Polojiy hesab edir ki: "Əgər bununla yanaşı uşağınız daha qapalı olubsa və az yatırsa, onun vəziyyəti barədə ciddi düşünmək və mütəxəssisə müraciət etmək lazımdır".
Qeyd etmək yerinə düşər ki, şirniyyatların tərkibində orqanizmdə "xoşbəxtlik hormonu" kimi tanınan serotoninin ifrazına kömək edən maddələr var. Depressiv vəziyyət məhz bu hormonun çatışmazlığı ilə əlaqələndirilir.
Qidalanma və Alkoqol
Polojiyin sözlərinə görə, depressiya zamanı qadağan olunmuş məhsulların xüsusi siyahısı yoxdur. "Yeganə məsələ alkoqola fərqli yanaşmaların olmasıdır. Bir qayda olaraq, spirtli içkilər depressiyanı daha da ağırlaşdırır", – deyə o bildirib. Bununla belə, elə insanlar var ki, onlarda alkoqol əksinə, depressiv vəziyyətlə mübarizəyə kömək edir. "Lakin bunu öz üzərinizdə yoxlamağa dəyməz, yalnız zərər verə bilərsiniz", – deyə professor əlavə edib.
Qeyd edək ki, ABŞ-da qidalanma ilə psixi pozuntular arasında birbaşa əlaqə çoxdan müəyyən edilib. Buna görə də orada depressiv vəziyyətlər tez-tez müxtəlif pəhrizlərin köməyi ilə müalicə olunur.










