Tutarlı söz gəzmə özünü yorub,
Məni bilirsən ki, aldatmaq asan...
Desələr: "Ay səni qonaq çağırıb,
Marsla evlənəcək " inanasıyam.
Desələr göyləri şum eləyiblər,
Günəşdən su alıb suvaracaqlar;
Vallah, bu yalanı doğru deyiblər,
Vallah, olasıdır bu olacaqlar.
Deyirsən, " qorxum yox qorxularımdan,
Özünə də yadsan, yadın da mənəm".
Gözünü yumdunmu - yuxularında,
Gözünü açdınmı - yanında mənəm.
Dilinin ucundan tökülənləri
Qaytarıb dilinin dibində əksən,
Bir yarpaq istisi tapsa əllərin,
Bir insan kölgəsi itirəcəksən.
Nə yaxşı çox sözə qəlbim inanır,
Nə yaxşı ürəyim hələ uşaqdır.
Hardasa qəlbimin bir damla qanı -
Riyadan, çamırdan, lildən uzaqdır.
Baxma bu dənizə üzü düz kimi,
Çölünü içinə bükən nəhəngdi.
Mən də ilk baxışda o dəniz kimi ...
Hamarım, tumarım görünəcəkdi.
Düz sözdür dünyada hər sözdən baha,
Ocaq halaldırsa mən yanasıyam.
Yalanı yalana bələmə nahaq,
Onsuz da nə desən inanasıyam...
-Memmed Araz